Loading
Bu sayt yazıçı, jurnalist, ssenarist-rejissor və bəstəkar Sədaqət Kərimovanın yaradıcılığına həsr olunub.
1992-ci ilin yanvarında Azərbaycanda ləzgi dilində “Samur” qəzeti nəşr olunmağa başladı. Bu, Azərbaycan ləzgilərinin ictimai-siyasi həyatında böyük hadisə idi. Adını Samur çayından götürmüş bu mətbu orqanının ilk redaktoru yazıçı-jurnalist Feyruz Bədəlov olub. Bu müddətdə “Samur” ləzgi ictimaiyyətinin sevimli mətbu orqanına çevrildi. Onun redaktor olduğu 8 ay ərzində qəzetin 24 sayı işıq üzü gördü. Bundan sonra incəsənət elmləri doktoru Nurəddin Həbibov qəzetin redaktoru təyin olundu. Onun redaktorluğu dövründə qəzet fasilələrlə çıxdı və ümumi sayı 21 oldu.
1997-ci ildə yazıçı-jurnalist Sədaqət Kərimova qəzetin baş redaktoru təyin olundu. O, nəşri dayandırılmış “Samur”u yenidən dirçəltməyi qərara aldı. Tanınmış qələm sahibi Müzəffər Məlikməmmədov redaktor müavini kimi fəaliyyətə başladı. Üç dildə – ləzgi, Azərbaycan və rus dillərində çıxan bu qəzet ləzgi xalqının tarixindən, mədəniyyətindən, dilindən, adət-ənənələrindən və problemlərindən elə təsirli yazmalı idi ki, oxucuları cəlb edə bilsin.
Yaradıcı kollektivin zəhməti hədər getmədi. Ləzgicə və azərbaycanca açılmış «Bura doğma vətəndir», «Samur»un qonaqları», «Kəndlərimiz», «Samur»un lüğəti», «Samur»un məktəbi», «Bilirsinizmi?», «Bizim məşhurlar», «Samur»un lətifələri», «Yeni ləzgilər», «Ləzgi dili haqqında söhbətlər», «Gəlimli-gedimli dünya», «Adamlar və talelər», «Redaktor sözü», «Məşhur ləzgilər haqqında bilmədiklərimiz», «Ləzgilər dünyanın hər yerində» rubrikaları altında dərc edilən məqalələr oxucular tərəfindən maraqla qarşılandı.

2000-ci ildə redaksiyanın kollektivi və yüzlərlə oxucu “Samur”un 100-cü sayının çapdan çıxmasını Bakının R.Behbudov adına Mahnı Teatrında təntənə ilə qeyd etdi. Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov həmin tədbirdə çıxış edərək qəzetin fəaliyyətinə yüksək qiymət verdi. Azərbaycanın və Dağıstanın 10-dan çox hökumət orqanının rəhbərləri, məşhur alimlər və jurnalistlər, 40-a yaxın mətbu orqanının redaktorları, 11 xarici ölkədə yaşayan oxucular redaksiyaya təbrik teleqramları göndərdilər. Azərbaycanın və Dağıstanın 30-dan çox qəzet və jurnalı, 6 telekanal “Samur”un səmərəli fəaliyyəti ilə bağlı məlumatlar verdi.
2001-ci il Azərbaycanın kütləvi informasiya vasitələri üçün ağır il oldu. 100-dən çox qəzet və jurnal maddi çətinliklər üzündən bağlandı. “Samur” isə bu çətinliyə dəyanətlə tab gətirdi. Oxucular ayda iki dəfə qəzet aldılar. O, Dağıstanda, Rusiyada, Estoniyada, Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda, Ukraynada, Türkiyədə, Almaniyada, ABŞ-da, Belarusiyada, İsveçrədə – bir sözlə, dünyanın 23 ölkəsində oxunurdu.
Ötən illər ərzində qəzet tariximizin indiyədək qaranlıq qalan neçə-neçə səhifələrini, onlarca qəhrəmanı, şairi, alimi və digər məşhur insanı üzə çıxarıb. O, həm də dünyanın müxtəlif yerlərində ömür sürən ləzgilər arasında mənəvi körpü rolunu oynayır. Xarici ölkələrdə yaşayan ləzgi diasporları ilə əlaqələr yaradır, onlar haqqında məqalələr və oçerklər dərc edir. Məşhur ləzgi alimi, filologiya elmləri doktoru, akademik Əhmədulla Gülməhəmmədovun qeyd etdiyi kimi, ötən illər ərzində minlərlə oxucusu olan “Samur” xalqın düşünən beyninə, danışan dilinə çevrilib.
“Samur” yarandığı gündən gənc yazarlarla iş aparır. 100-dən çox gənc müəllifin əsərləri ilk dəfə olaraq “Samur” qəzetində işıq üzü görüb. Artıq həmin yazarlardan bir neçəsinin ayrıca kitabları çap olunub. 2000-ci ildə redaksiya öz hesabına gənc şairlərin əsərlərindən ibarət “Yaxşı yol!” adlı şeirlər kitabını oxuculara çatdırıb.
Sədaqət Kərimovanın redaksiyada təşkil etdiyi ləzgi dili kurslarında onlarca gənc ana dilində yazıb-oxumağı öyrənib.
Qəzet daim ana dilinin qorunması və inkişaf etdirilməsi uğrunda mübarizə aparır. Bu, onun başlıca fəaliyyət istiqamətlərindən biridir. İndiyədək qəzetin səhifələrində çoxdan unudulmuş 2000-dən çox qədim ləzgi sözü çap olunaraq xalqa çatdırılıb. “Samur”un səhifələrində yüzlərlə yeni söz həyata vəsiqə alıb. Hazırda dilçilər, peşəkarlar və yazarlar həmin sözlərdən həvəslə istifadə edirlər.
Bütün bu uğurlarla yanaşı, “Samur” daim maddi çətinliklərlə üz-üzə olub. 1997-ci ildən bu günə kimi qəzetə bir dəfə də olsun hökumət tərəfindən maliyyə yardımı göstərilməyib. O, 29 ildir ki, bir qayda olaraq qəzetin redaktoru Sədaqət Kərimovanın şəxsi vəsaiti hesabına çap olunur.
2022-ci ildə qəzetin i 30 illik yubileyi təntənə ilə qeyd edilmişdir. Çap xərclərinin və icarə haqqının artması səbəbindən artıq bir ildir “Samur” qəzeti onlayn formatda çap olunur.