"Samur" gəzeti

1992-ci ilin yanvarında Azərbaycanda ləzgi dilində “Samur” qəzeti nəşr olunmağa başladı. Bu, Azərbaycan ləzgilərinin ictimai-siyasi həyatında böyük hadisə idi. Adını Samur çayının adından götürmüş bu mətbu orqanının ilk redaktoru yazıçı-jurnalist Feyruz Bədəlov olub. Bu müddətdə “Samur” ləzgi ictimaiyyətinin sevimli mətbu orqanına çevrildi. Onun redaktor olduğu 8  ay ərzində qəzetin 24 sayı işıq üzü gördü. Bundan sonra incəsənət elmləri doktoru Nurəddin Həbibov qəzetin redaktoru təyin olundu. Onun redaktorluğu dövründə qəzet fasilələrlə çıxdı və sayı 21 oldu.

1997-ci ildə yazıçı-jurnalist Sədaqət Kərimova qəzetin baş redaktoru təyin olundu. O, maliyyə çətinlikləri səbəbi ilə nəşri dayandırılmış «Samur»u yenidən dirçəltməyi qərara aldı. Tanınmış qələm sahibi Müzəffər Məlikməmmədov redaktor müavini kimi fəaliyyətə başladı. Amma «Samur»u dirçəltmək, yenidən oxuculara sevdirmək o qədər də asan deyildi. Hər şeyi sıfırdan başlamaq lazım gəlirdi. Əksər insanlar qəzetin yenidən fəaliyyət göstərə biləcəyinə inanmırdılar. Çətinlikləri aradan qaldırmaq, işləri qaydaya salmaq üçün ilk növbədə üç dildə – ləzgi, Azərbaycan və rus dillərində çıxan bu qəzetə abunəçilər cəlb etmək tələb olunurdu. Onu nəinki Azərbaycanda və Dağıstanda, o cümlədən dünyada yaşayan ləzgilərin qəzetinə çevirmək lazım idi. Hakimiyyət orqanlarının, xarici ölkələrin səfirliklərinin belə bir qəzetin çıxmasından xəbəri olmalı idi. Qəzet ləzgi xalqının tarixindən, mədəniyyətindən, dilindən, adət-ənənələrindən, problemlərindən elə təsirli yazmalı idi ki, oxucuları cəlb edə bilsin.

Yaradıcı kollektivin zəhməti hədər getmədi. Ləzgicə və azərbaycanca açılmış «Bura doğma vətəndir», «Samur»un qonaqları», «Kəndlərimiz», «Samur»un lüğəti, «Samur»un məktəbi, «Bilirsinizmi?», «Bizim məşhurlar», «Samur»un lətifələri», «Yeni ləzgilər», «Ləzgi dili haqqında söhbətlər», «Gəlimli-gedimli dünya», «Adamlar və talelər», «Redaktor sözü», «Məşhur ləzgilər haqqında bilmədiklərimiz», «Ləzgilər dünyanın hər yerində» rubrikaları altında dərc edilən məqalələri oxucular tərəfindən maraqla qarşılandı.

2000-ci ildə redaksiyanın kollektivi və yüzlərlə oxucu «Samur»un 100-cü sayının çapdan çıxmasını Bakının R.Behbudov adına Mahnı Teatrında təntənə ilə qeyd etdi. Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov həmin tədbirdə çıxış edərək, qəzetin fəaliyyətinə yüksək qiymət verdi. Dağıstan Respublikasının milli məsələlər, informasiya və xarici ölkələrlə əlaqələr naziri Maqomedsalih Qusayev qəzeti təbrik etdi. Azərbaycanın və Dağıstanın 10-dan çox hökumət orqanının rəhbərləri, məşhur alimlər və jurnalistlər, 40-a yaxın mətbu orqanının redaktorları, 11 xarici ölkədə yaşayan oxucular redaksiyaya təbrik məktubları və teleqramları göndərdilər. Azərbaycanın və Dağıstanın 30-dan çox qəzet və jurnalı, 6 telekanal «Samur»un səmərəli fəaliyyəti ilə bağlı məlumatlar verdi.

2001-ci il Azərbaycanın kütləvi informasiya vasitələri üçün ağır il oldu. 100-dən çox qəzet və jurnal maddi çətinliklər üzündən bağlandı. «Samur» bu çətinliyə dəyanətlə tab gətirdi. Oxucular ayda iki dəfə qəzet aldılar. Həmin il redaksiyaya 1247 məktub daxil oldu. Bu, qəzetin oxucular arasındakı nüfuzundan xəbər verirdi.

Hazırda qəzet Dağıstanda, Rusiyada, Estoniyada, Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda, Ukraynada, Türkiyədə, Almaniyada, ABŞ-da, Belorusiyada, İsveçrədə, bir sözlə, dünyanın 23 ölkədə oxunur.

Ötən illər ərzində qəzet tariximizin indiyədək qaranlıq qalan neçə-neçə səhifələrini, onlarca qəhrəmanları, şairləri, alimləri və digər məşhur insanları üzə çıxarıb. O, həm də dünyanın müxtəlif yerlərində ömür sürən ləzgilər arasında mənəvi körpü rolunu oynayır. Xarici ölkələrdə yaşayan ləzgi diasporları ilə əlaqələr yaradır, onlar haqqında məqalələr və oçerklər dərc edir. Məşhur ləzgi alimi, filologiya elmləri doktoru, akademik Əhmədulla Gülməhəmmədovun qeyd etdiyi kimi, ötən illər ərzində minlərlə oxucusu olan «Samur» xalqın düşünən beyninə, danışan dilinə çevrilib.

«Samur» yarandığı gündən gənc yazarlarla iş aparır. Son 25 il ərzində 100-dən çox gənc müəllifin əsərləri ilk dəfə olaraq «Samur» qəzetində işıq üzü görüb. Artıq həmin yazarlardan bir neçəsinin ayrıca kitabları çap olunub. 2000-ci ildə redaksiya öz hesabına gənc şairlərin əsərlərindən ibarət «Yaxşı yol!» adlı şeirlər kitabını oxuculara çatdırıb.

2011-ci ildən fəaliyyət göstərən qəzetin saytı (samurpress.net) onun hər sayını operativ şəkildə oxuculara çatdırılmasını təmin edir. Son illər 2000 nüsxə tirajla nəşr olunan “Samur”un inernet oxucularının sayı 10 mindən artıqdır.

Redaksiyanın təşkil etdiyi ləzgi dili kurslarında isə onlarca gənc ana dilində yazıb-oxumağı öyrənib.

Qəzet daim ana dilinin qorunması və inkişaf etdirilməsi uğrunda mübarizə aparır. Bu, onun başlıca fəaliyyət istiqamətlərindən biridir. İndiyədək qəzetin səhifələrində çoxdan unudulmuş 2000-dən çox qədim ləzgi sözləri çap olunaraq, xalqa çatdırılıb. «Samur»un səhifələrində yüzlərlə yeni sözlər həyata vəsiqə alıb. Hazırda dilçilər, peşəkarlar, yazarlar həmin sözlərdən həvəslə istifadə edirlər. «Samur» dəfələrlə orta məktəblərdə ləzgi dili və ədəbiyyatı dərslərinin tədrisinin yaxşılaşdırılması, yeni dərsliklərin nəşr olunması problemlərini qəzetin səhifələrində qaldırıb.

Bütün bu uğurlarla yanaşı, «Samur» ötən illərdəki kimi, yenə də maddi çətinliklərlə üz-üzə qalıb. 1997-ci ildən bu günə kimi qəzetə bir dəfə də olsun hökumət tərəfindən maliyyə yardımı göstərilməyib. O, son 25 ildə bir qayda olaraq qəzetin redaktoru Sədaqət Kərimovanın şəxsi vəsaiti hesabına çap olunur. Oxucuların bəzi kiçik ianələri isə qəzet nəşri ilə bağlı böyük problemləri həll etməyə qadir deyildir. Təəssüf ki, sponsorlar «Samur»a yaxın düşmür. Çap xərclərinin və icarə haqqının artması ilə əlaqədar son illər qəzet ayda bir dəfə nəşr olunur.

2012-ci ilin martin 18-də Ü.Hacibəyov adına Bakı Musiqi Akademiyasının böyük zalında 20 illik yubileyini təntənə ilə qeyd edən “Samur” qəzetinin kollektivi özünün 30 illik yubileyini geniş ictimaiyyətin nümayəndələri ilə bərabər keçirməyə hazırlaşır. Yubeliyi 2022-ci ilin fevralında keçirmək planlaşdırılır.


Sayt A2Studio tərəfindən yaradılıb