Блог

Kənd əldən gedir


    Bu yaxınlarda kəndə getmişdim. Şəhər mağazalarında satılan, mənşəyi bilinməyən dadsız ərzaqdan bezdiyimdən əsl kənd məhsulları - toyuq, yumurta, ağartı almaq fikrim var idi.

     Bu da kənd. Səssiz küçələrdə ins-cins görünmürdü. Üç-dörd məhəlləni dolaşdıqdan sonra, nəhayət, birində minik maşını görüb onun yanında ayaq saxladım. Qohumumuzu tanıyıb onunla hal-əhval tutdum. Onun maşından ərzaq məhsullarını həyət qapısına daşıdığını görəndə təəccübümü gizlədə bilmədim.

     - Bakıdan gəlirəm. Evə bazarlıq etmişəm, - deyə qohumum bildirdi.

     Onun həyət qapısına boşaltdığı süd, qatıq, yumurta, lobya, mərci, kartof, çörək və başqa ərzaqla dolu çantaları görəndə heyrətə gəldim:

     - Hamı kənddən ərzaq daşıyanda sən kəndə gətirirsən?

     - Kənddə kəndlik qalıb ki? - qohumum köksünü ötürdü. - Kəndin bircə adı qalıb. Biz hər şeyi mağazadan alırıq.

     - Başqa ərzağa sözüm yoxdur. Ağartını da şəhərdən gətirirsən? Qoyun, inək bəsləmirsən ki?

     - Üç ildən çoxdur ki, heyvan saxlamırıq, çünki kənddə nə örüş yeri, nə də otlaq qalıb. Bir vaxtlar kənd naxırına mindən çox inək çıxarardıq, indi  20 baş qalıb.

     - Deməli kənd qatığına, südünə həsrət qalacağıq?

     - Tək ağartıya yox, elə yumurtaya da, tərəvəzə də. Kənd adamını kəndə yaxından bağlayan qanunların həyata keçirilməsinə ehtiyac var. İşsizlikdən, bekarçılıqdan adamın başına hava gəlir. Bəziləri deyir ki, kənd camaatı əvvəlki deyil, özünü işə vermək istəmir. Elə deyil! Camaat həmin camaatdır. Amma bir şey var ki, kənd də unudulub, kənd adamı da. Xaricdən ərzaq almaq çıxış yolu deyil. Kənd təsərrufatının əvvəlki şöhrətini qaytarmaq lazımdır. Bizdəki münbit torpaqlar harada var? Belə bərəkətli yerləri olanlar geni dəyişdirilmiş meyvə, tərəvəz yeyərmi?

     Sinəsi dolu idi qohumumun. Amma onun dedikləri ilə açıq darvazadan görünən, başdan-başa alaq otları ilə örtülmüş bağı heç tutmurdu. 

     - Nə əcəb toyuq-cücə saxlamırsan? Gör nə boyda bağın var, - dedim.

     -  Kimdi onlara baxan? Arvad-uşaq səhərdən-axşama kimi televizorun, kompüterin qabağındadır, mənim də ki, hövsələm yoxdur.

     - Bəs deyirsən kənd adamı əvvəlkidir? 

     Sonra ona bağdakı ağacların altına tökülmüş, yarısı çürümüş almaları göstərdim:

     - Vaxtında yığmamısınız deyə çürüyüb deyəsən.

     - Elədir. Altı baş külfətik. Tənbəllikdən bir adam ağacdan bir alma dərib yeməz.  İndiki uşaqlarla bacarmaq çətindir. Əllərini ağdan qaraya vurmaq istəmirlər.

     İndi başqa cür danışırdı qohumum. Bağı göstərib dedi:

     - Anam, atam sağ olanda burada nələr əkməzdik: lobya, kartof, soğan, kök, göyərti. Bazara təsadüfdən-təsadüfə gedərdik. Bağın aşağı hissəsini setka ilə örtüb orada toyuq, hinduşka saxlayardıq. 

     O, danışır, mənim isə gözlərimin qarşısında respublikamızın kəndləri canlanırdı. Hər yerdə eyni mənzərə, eyni vəziyyət.  Azərbaycanı qarış-qarış gəzmiş bir jurnalist kimi kənd probleminin bu gün respublikamız üçün nə qədər vacib olduğunu mən də anlayıram. Bu gün insanları yenidən kəndə bağlayacaq daha təkmil konsepsiyaya, maddi və mənəvi maraqlandırma metodlarına, kənd təsərrüfatı sahəsində dünyanın qabaqcıl təcrübəsinin respublikamızda tətbiqinə, keçmiş gözəl ənənələrimizin bərpasına ehtiyac var. Bunları həyata keçirmək üçün ilk növbədə kəndə isti, doğma münasibət, böyük qayğı lazımdır. Yoxsa kəndlərimiz boşalacaq, adamlar iş dalınca şəhərlərə, uzaq ölkələrə üz tutacaq. Bir dəfə doğma yurdlarını tərk edənlər, çətin ki, bir də geri qayıtsınlar.

     Amma başqa bir reallıq da var. Kənd adamının psixologiyası da bir qədər dəyişib. Əvvəlki sadə, zəhmətkeş, səmimi kənd adamlarının bir qismini indi tanımaq olmur. Əvvəlki mənəvi dəyərlər harasa yox olmaqdadır. Onlardan ən başlıcası torpağa sevgi hissinin korşalmasıdır. Bunun qarşısı vaxtında alınmasa, kəndi itirəcəyik. Ruhumuzun qidası olan kəndi. 


Сайт сделан в A2Studio