Дневник
Böyük alim anıldı
2018-06-12
Oktyabrın 21-də Qusar rayonu ziyalılarının və elm adamlarının təşəbbüsü, rayon icra hakimiyyətinin təşkilatçılığı və bir sıra iş adamlarının dəstəyi ilə görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor Kərim Abdulxaliq oğlu Kərimovun 100 illik yubileyi keçirilmişdir. Tədbir alimin doğma kəndi Hildə, onun adını daşıyan orta məktəbdə təntənəli şəkildə qeyd olunmuşdur.
Tədbirdən əvvəl ziyalılar ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış heykəli önünə əklil qoymuşlar. Sonra onlar çiçək dəstələri ilə alımın məzarı üstünə gedib, onun unudulmaz xatirəsini anmışlar.
Hil kəndində keçirilən təntənəli yığıncaqda rayon ictimaiyyətinin nümayəndələri, Hil kəndinin ziyalıları ilə yanaşı, Bakıdan gəlmiş görkəmli ziyalılar, elm xadimləri, Kərim müəllimin həmkarları və yetirmələri iştirak etmişlər. Tədbiri Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev açmışdır. “Bu gün biz haqlı olaraq Qusarla fəxr edə bilərik. Çünki Qusar nəinki Azərbaycanda, hətta bütün dünyada alimlər yurdu kimi ad qazanıb. Hələ orta əsrlərdə bu bölgədən çıxan alimlər ərəb ölkələrində, Türkiyədə və İranda tanınmışlar. Son illər qusarlı alimlərin sorağı Amerikadan, Fransadan, İngiltərədən, İspaniyadan, Yaponiyadan, Çindən və başqa ölkələrdən gəlir. Təkcə son 50 il ərzində Qusardan 150-dən çox elmlər doktoru və 500-ə yaxın elmlər namizədi çıxmışdır. 20-dən çox alim dünyanın ayrı-ayrı elmlər akademiyalarının üzvləridir,” – deyən natiq elin bayramına çevrilmiş Kərim Kərimovun 100 illik yubileyi münasibətilə hamını təbrik etmiş, yubilyarın elmi fəaliyyəti, qazandığı böyük elmı uğurlar haqqında məlumat vermişdir.
Texnika elmləri doktoru, əməkdar elm xadimi Kamal Abdullayev, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Kamil Aydazadə, Milli Məclisin deputatı Azər Badamov, fizika-riyaziyyat elmləri doktoru Əkbər Əliyev, “Samur” qəzetinin redaktoru, yazıçı-jurnalist Sədaqət Kərimova və başqaları çıxış edərək böyük alımın Azərbaycan və dünya elminə verdiyi töhfələr, onun insani keyfiyyətləri haqqında danışmışlar.
Kərim Abulxaliq oğlu Kərimov 1917-ci ildə Azərbaycan Respublikası Qusar rayonunun Hil kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1941-ci ildə buranı, 1950-ci ildə isə Moskva Dövlət Universitetinin aspiranturasını bitirmişdir. 1950-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA-nın) Riyaziyyat və Mexanika İnstitutunda elmi işlər aparmaqla bərabər o, eyni zamanda Azərbaycan EA-nın aspirantura şöbəsinə rəhbərlik etmişdir. 1959-cu ildən başlayaraq professor K.Kərimov Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Dinamik möhkəmlik” laboratoriyasına rəhbərlik etmişdir. Laboratoriya materialların dinamik xassələrinin tədqiqi və tədqiqatlar üçün nəzəri əsaslar verilməsi ilə məşğul olmuşdur. Əvvəllər hər hansı eksperimental baza olmadığı üçün mexaniki laboratoriya yaradılmışdır. Burada materilların dinamik xassələrinin tədqiqi akademik X.A.Raxmatulinin və proffessor K.A.Kərimovun elastik-plastik dalğalar nəzəriyyəsi əsasında aparılmışdır. Professor K.Kərimov tərəfindən işlənmiş ən müasir texnika ilə əlaqədar xüsusi təyinatlı elmi tədqiqatlar bütün dünya riyaziyyatçilarına məlumdur. 1973-cü ildən başlayaraq K.Kərimov Ç.İldırım adina Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) “Tətbiqi və hesablama riyaziyyatı” kafedrasının yaradıcısı və rəhbəri olmuşdur. Professor K.Kərimov 100-dən artıq elmi əsərin müəllifidir. Onun yetişdirmələrindən 40 nəfər elmlər namizədi, 8 nəfər isə elmlər doktoru adına layiq görülmüşdür. Böyük alim Kərim Kərimov 1987-ci ildə vəfat etmişdir.