Блог

Təbiət haray çəkir


Bu gün dünyanın ayrı-ayrı ölkələrini bürümüş yanğınların törətdiyi fəlakətləri hər gün televiziya ekranlarından həyəcanla izləyirik. Dövlət strukturlarının problemlə vaxtında məşğul olmamaları, insanların biganəliyi nəticəsində meşələrin, yaşıllıqların od tutub yanması göz qabağındadır. Artıq yanğınlar kəndlərə, şəhərlərə yaxınlaşıb. Həyəcan təbili çalan mütəxəssislərin bir hissəsi yanğınları törədən səbəblərdən birinin təbiətin məişət tullantıları və qazlarla çirklənməsi olduğunu etiraf edir. Tezalışan plastik qabların, mənşəyi bilinməyən əşyaların hara gəldi atılması təbiətin gözəlliklərini korlamaqla yanaşı, həm də gələcək təhlükələrə yol açır.

     Heç kəsə sirr deyil ki, bu gün Azərbaycanın böyük şəhərlərindən tutmuş rayon mərkəzlərinə, kəndlərinə kimi hər yerdə addımbaşı məişət və inşaat tullantılarının yaratdığı natəmizlik, anti-sanitariya halları ilə rastlaşırıq. Respublikamızda məmur biganəliyi nəticəsində yalnız mərkəzi küçələrdə təmizlik və yaşıllaşdırma işlərinə diqqət yetirilir, ətraflar, uzaq məhəllələr diqqətdən kənarda qalır.

     Xaçmaz meşələri Azərbaycanın nadir sərvətlərindən sayılır. Bu enliyarpaq ağaclarla zəngin meşələrin qoynunda hər il on minlərlə insan dincəlir. Meşə ilə dənizin qonşuluğunun gözəl nümunəsi olan, əsrarəngiz təbiət abidələri ilə seçilən bu bölgə həmişə paytaxta yaxın məsafədə yerləşməsi və gözəllikləri ilə turistləri cəlb edib. Lakin bu gün bu yerlərə səyahət edənlər ürək ağrısı ilə oranı tərk edirlər. Təəssüf ki, indi həmin meşələrdə təmiz bir guşə tapmaq müşkül məsələdir. Addımbaşı təsadüf olunan, ürək bulandıran zibilliklər insanları həyəcanlandırır. Bir zamanlar gözəllik, xoş ovqat, zövq mənbəyi olan Xaçmaz meşələri indi infeksiya, xəstəlik, üfunət ocaqlarına çevrilib. Xaçmazdan Yalamaya kimi bütün ərazidə müşahidə olunan bu dözülməz hal ürək ağrıdır. Bir tərəfdən insanların biganəliyi, onların “məndən ötsün” psixologiyası ilə tullantıları hara gəldi atmaları ürək ağrıdırsa, digər tərəfdən respublikamızın digər rayonlarında olduğu kimi, burada da məişət və inşaat tullantılarının daşınmasının vahid qaydalarının olmaması, bunun üçün texnikanın çatışmaması narahatlıq doğurur. Bütün bunlar respublikamızda tullantıların yığılması, çeşidlənməsi və təkrar emalı ilə bağlı dövlət proqramının tezliklə həyata keçirilməsinin vacibliyini gündəmə gətirir.

     Bu məsələnin həlli həm paytaxtımızda, həm də bölgələrdə təmizliyin bərpasına gətirib çıxaracaq. Əks halda respublikamız ekoloji fəlakətlə üzləşəcək. Hələlik isə əlaqədar təşkilatların biganəliyi və insanların nadanlığı üzündən görün nələrlə qarşılaşırıq. Respublikamızın əksər kəndlərində evlərin ətrafında, məhəllələrin qırağında, çayların sahilində, bulaqların həndəvərində zibilxanaların sayı gündən-günə artır. Rayon mərkəzlərində evlərdən zibilin həftədə bir və ya iki dəfə daşınması sakinlərin tullantıları yaxınlıqdakı sahələrə daşıması ilə nəticələnir.

     Bütün bu hallar son nəticədə ümumi evimiz olan Azərbaycanın imicinə mənfi təsir göstərir. Axı ölkəmizə dünyanın müxtəlif yerlərindən qonaqlar gəlir. Onlarda yalnız dadlı yeməklərimizlə deyil, təbiətə sevgimizlə, təmizkarlığımızla da xoş təəssürat yaratmağı bacarmalıyıq.

     Sovet dövründə ümumxalq iməclikləri keçirmək kimi gözəl bir ənənə var idi. İldə bir neçə dəfə orta və ali ixtisas məktəblərinin kollektivləri, dövlət idarələrinin işçiləri, ictimai təşkilatların  nümayəndələri təmizlik yaratmaq və yaşıllıqlar salmaq məqsədi ilə iməciliklərə çıxardılar. İnsanlar ruh yüksəkliyi ilə bi işə qoşulardılar. Bu, həm də onlarda doğma təbiətə, ətraf mühitə məhəbbət hissini tərbiyə edərdi. Həmin ənənəni bərpa etmək vaxtı çatıb.

     Təbiəti çirkləndirənlərə, iş yerlərində, evlərin ətrafında, park və xiyabanlarda natəmizlik yaradanlara qarşı barışmaz olmalıyıq. Təbiətin qorunmasına, təmizliyə riayət olunmasına cavabdeh məmurlara ictimai qınaq nümayiş etdirməliyik.

     Nəhayət, millət vəkillərinin nəzərinə bir daha çatdırırıq ki, bütün bu məsələləri sivil yolla həll etməkdən ötrü qanun qəbul etməyin vaxtı çatıb. Bu gün Azərbaycandan ötrü belə bir qanunun qəbulu olduqca vacibdir. Təbiətin çirkləndirilməsinə, natəmizlik hallarının yaradılmasına yol verənlər üçün ciddi cərimələrin tətbiqi də daxil olmaqla bir sıra məsələləri əhatə edəcək bir qanun olmasa bizi ekoloji fəlakət gözləyir.


Сайт сделан в A2Studio