Блог

"Qullar" böyük maraq doğurdu


   Həmin ön sözün gənc yazıçını tanımayanlarda onun yaradıcılığı haqqında təsəvvür yaradacağına ümid bəsləyərək diqqətinizə çatdırıram... Zamanın uyarında... Yazıçını həmvətənlərindən fərqləndirən əsas cəhətər təkcə onun hiss və duyğularınm dərinliyi, ülviliyi; zamana və hadisələrə həssas və ağrılı münasibəti, geniş müşahidə qabiliyyəti deyil. Qələm sahibi həm də onu və cəmiyyəti narahat edən problemlərlə bağlı həyəcan təbili çala bilməsi ilə seçilir. Ona görə də insana sevgi, təəssübkeşlik, vətənpərvərlik hisslərindən bəhrələnən hər bir əsəri dövrün güzgüsü hesab etmək olar. Bu baximdan hər bir kitab onun müəllifinin daxili aləminin, mənəvi dünyasının və dünyagörüşünün inikasıdır.    

   Ziya Səfərbəyovun əsərləri də istisna deyil. Zamanın nəbzini tuta bilmək bacarığı və özünəməxsus üslubu ilə seçilən bu müəllifin gənc olmasına baxmayaraq, Azərbaycanda və ölkəmizdən uzaqlarda tanınmasınm əsas səbəbi onun bəşəri mövzulara yeni yanaşma üsuludur. İlk baxışda bədbin və kədərli həyat hekayələri təsiri bağışlayan, lakin əslində dərin fəlsəfi fikirlərdən qaynaqlanan əsərlərində həyat reallıqlarını, zamanın doğurduğu fəsadları, cəmiyyətdəki naqislikləri fərqli şəkildə göstərmək istedadı ilə seçilən yazıçının təhkiyəsi cəlbedicidir. Ziyanın ilk kitabı olan “Mənim lənətlənmiş dünyam” romanını mən birnəfəsə oxumuşam. Ölümə məhkum olan və bu kədərli sonluğa müxtəlif yollarla gəlib çıxan üç gəncin keçirdiyi ruhi sarsıntılar, üzləşdikləri çətinliklər, onların faciəsinin səbəbləri elə inandırıcı qələmə alınmışdır ki, sanki əsərin müəllifi 22 yaşlı gənc yox, dünyagörmüş ağ- saqqaldır. Onun cəmiyyətdəki haqsızlıqlara, insanların etinasızlığına və biganəliyinə etiraz olaraq çaldığı həyəcan təbilini eşitməmək mümkün deyil.  

   Yazıçının “Onu sevməyə məhkumam” əsəri də insan münasibətlərinə həsr olunub. Burada sevgiyə, sədaqətə, vəfaya, dostluğa aparan yolların çətinliyindən, ağır sınaqlardan bəhs edən müəllif satqınlıq və xəyanət nəticəsində yaranan tənhalıqdan, onun doğurduğu mənəvi əzablardan söhbət açır. O, Avropa və Şərq mədəniyyətlərinə aid maraqlı müqayisələr apararaq oxucularını düşündürməyə çalışır. Ələlxüsus onun qadına münasibətlə bağlı fikirləri diqqət çəkir. Adi ailə münasibətlərindən çıxış edərək cəmiyyətdə gedən dəyişiklikləri, insan mənəviyyatındakı təzadlı, ziddiyyətli cəhətləri göstərərək, oxucunu intizarda saxlamağı bacaran müəllifin həyəcanlarını, onun fəal həyat mövqeyini duymamaq olmur.  

  “Qullar” gənc yazıçınm sayca üçüncü kitabıdır. Buraya daxil edilmiş eyniadlı romanda insan mənəviyyatında çatların əmələ gəlməsi ilə nəticələnən səbəblərdən danışılır. Qul psixologiyasını, qul təbiətini bütün təfərrüatı ilə göstərməyə çalışan müəllif bir insanın başqa birisinin quluna çevrilməsi kimi ağrılı və əzablı prosesdən söhbət açır, qul olanların faciəsini göstərir. Əsərin qəhrəmanları “Sərhədsiz həkimlər” humanitar təşkilatının həkimləridir. Müxtəlif irqlərə və dinlərə məxsus olan, ayrı-ayrı millətlərin nümayəndələrini təmsil edən bu insanlar dünyanın müxtəlif yerlərində faciəvi hadisələrlə, acı insan taleləri ilə üzləşirlər. Xeyirxahlıq, dostluq, həssaslıq, insana məhəbbət kimi yüksək insani keyfiyyətlərin birləşdirdiyi bu adamlar tez-tez özlərini təhlükəyə atırlar. Başqalarınm həyatını xilas etmək üçün ölümlə üz-üzə qalırlar. Rəhmsizlik, zorakılıq, qəddarlıq kimi hallara qarşı mübarizə aparan bu qəhrəmanların fonunda müəllifin nadanlıq, təcavüz, xəyanət, özünüməhv kimi naqisliklərlə bağlı mülahizələri maraq doğurur. Onun bir sıra hadisələrin təsiri altında insan həyatının dəyişməsi, yeni mahiyyət kəsb etməsi, dostluq və sevgi kimi ülvi hisslərin insanı mənən zənginləşdirməsi prosesini ətraflı göstərməsi təqdirəlayiqdir.

   Əsərlərini azərbaycan və rus dillərində qələmə alan Ziya Səfərbəyovun səlis dili, mövzulara yanaşma tərzi, zamanın uyarında, bəzən isə fövqündə olmaq bacarığı, inandırıcı və səmimi təhkiyəsi diqqəti cəlb edir. Müəllifin bəzən bilə-bilə roman janrından kənara çıxaraq, sənədliliyə meyl göstərməsi əsərlərin səviyyəsinə xələl gətirmir, əksinə, onları daha da oxunaqlı edir. Emosional səhnələrlə, canlı dialoqlarla zəngin olan bu kitablarda diqqəti ən çox çəkən gənc yazıçının mövzulara fəlsəfi baxışıdır. Mənəvi tərbiyəyə önəm verən yazıçının bugünkü həyatımızla, reallıqlarla bağlı düşüncələri, onlara tərbiyəvi yanaşması onun ən böyük uğurudur. Zəngin mənəvi dünyası və geniş dünyagörüşü olan istedadlı qələm sahibi Ziya Səfərbəyova yaradıcılıq uğurları arzulayır, ondan yeni-yeni əsərlər gözləyirik.


Сайт сделан в A2Studio